Cənubi Çexiya regionunun iş adamları İsmayıllı rayonuna səfər ediblər
Çex Respublikasının Cənubi Çexiya regionunun iş adamlardan ibarət nümayəndə heyəti, Noyabrın 4 – 7 – də, Azərbaycanın İsmayıllı rayonuna 3 günlük səfər edib. Çexiyadakı AR Səfirliyi ilə birgə təşkil olunan bu səfər zamanı, qonaqlar Azərbaycanlı həmkarları ilə müxtəlif layihələr barədə müzakirələr aparıb. Təklif olunan təşəbbüslər içərisində, İsmayillı rayonu ərazisində Çex texnologiyaları əsasında süd məhsulları, o cümlədən “Lipanek” yumşaq pendiri, istehsal edə biləcək birgə səhmdar cəmiyyətin yaradılması olub.
Çex biznesmenləri, onların başçısı – bu ölkənin senatoru Tomaş Yirsa, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, qonaqları müşayiət edən digər rəsmi şəxslər İsmayıllıda Heydər Əliyev parkı, Yapon bağını, Lahıc kəndini, Buta aqroparkını, AzNar təsərrüfatını, İSMA-BİKES velosiped zavodunu, və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətini ziyarət etmişlər.
Avropa – Azərbaycan Ticarət palatasının prezidenti David Snaşel deyir ki: ” Aqrobiznesi təmsil edən bu kənd təsərrüfatı missiyası Azərbaycanla Çexiya arasında əməkdaşlığın inkişafına geniş imkanlar açır. İsmayıllıda rayon icra başçısı Mirdaməd Sadıqovla biz ölkəmizin Madeta firması ilə, Çexiyada populyar olan “Lipanek” yumşaq pendiri istehsal edən birgə müəssisə yaratmaq barədə fikir mübadiləsi apardıq”.
İsmayıllı rayonu ilə tanışlıqdan sonra Çexiyalı qonaqlar Bakıda görüşlər keçirdi. Burada onlar İqtisadiyyat Nazirinin müavini Rüfət Məmmədov və AZPROMO nümayəndələri ilə TATRA TRUCKS, Şkoda Transportation və Madeta Çex şirkətləri ilə birgə layihələr həyata keçirmək barədə danışıqlar aparıblar.
Bundan sonra Çex nümayəndəliyi Milli Məclisin sədr müavini Valeh Ələsgərovla, Bakıdakı Çex səfirliyində səfir Milan Ekert və iqtisadi məsələlər üzrə məsləhətçi Yan Yindrjix ilə görüşlər keçirib. Bu görüşlərdə Azərbaycanla Çexiya arasında uzunmüddətli və etibarlı əlaqələrin qurulması yolları müzakirə olunub.